تورك مشاهير و مفاخير لر
AZƏRBAYCAN,QAŞQAE,TÜRKMƏN,XƏLƏC ،ƏFŞAR VƏ...
+0 به يه ن
یاییلیب : سه شنبه 10 خرداد 1390 | یازار : صاديق صاديقي | بؤلوم : شعر،موسيقي و ادبيات | 0 باخيش لار
Süleyman Rüstəm azərbaycan sovet şe`rinin inkişafında böyük xidmətləri olan sənətkarlardan biridir. onun yaradıcılığında yeni həyatın və inqilabın tərənnümü, eləcə də cənub mövzusu mühüm yer tutur. Həyatı: Süleyman Rüstəm 1906-cı ildə Bakının Novxanı kəndində anadan olmuşdur. İlk təhsilini Bakıdakı rus-tatar məktəbində almışdır. Süleyman Rüstəm təhsilini Nəriman Nərimanov adına sənaye məktəbində davam etmişdir. O 20-ci illərdə Bakı Dövlət Universitəsində və Moskova Dövlət Universitəsində də oxumuşdur. Süleyman Rüstəm əmək fəaliyyətinə "Gənc işçi" qəzetində başlamşdır. 1926-cı ildə o, "Gənc qızıl qələmlər ittifaqı"nı yaratmışdır. Bir müddət "inqilab və mədəniyyət" jurnalında və "Ədəbiyat" qəzetində məs`ul vəzifələrdə çalışmışdır. Süleyman Rüstəm Azərbaycanın Xalq şairi və Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına layiq olmüşdür. O 1989-cu ilndə Bakıda gözünü bu dünyaya yummuşdur. Onun məzarı indi bakıda fəxri xiyabanındadır. Yaradıcılığı: Süleyman Rüstəm hələ sənaye məktəbində oxuyarkən "Molla Nəsrəddin" jurnalında kiçik yazılarını nəşr etdirmişdir. Şairin ilk şe`ri "Unudulmuş gənc"dir(1923-cü il). "Gənc qızıl qələmlər" kitabında (1926-cı il) Süleyman Rüstəmin bir sıra şe`rləri nəşr edilmişdir. 1926-cı ildə onun Almas İldırımla birgə "Dün – bugün" kitabı çap olunur. 1927-ci ildə şairin Süleyman Rüstəmin "Ələmdən nəş`əyə"(Qəmdən sevincə) adlı ilk kitabı nəşr olunur. Kitabdakı şe`rlərin çoxu publistik-lirik üslubdadır və mövzuca bir-birinə yaxındır. Süleyman Rüstəm "Mənim şe`rim" əsərində şair poeziyasını "mühitin meyvəsi" adlandıraraq gözyaşının, qəm və kədərin ondan uzaq olduğunu bildirir. 30-cu illərdə Süleyman Rüstəmin "Addımlar", "Səs", "Atəş", "Şairin səsi", "ulduzlar" və "Gecənin romantikası" kitabları nəşr olunur. Süleyman Rüstəm müharibə dövründə qalxı qələbəyə səsləyən bir sıra şe`rlər yazır. Şairin bu dövrdə yazdığı şe`rləri "Ana ürəyi", "Ana və poçtalyon(postçu)", "Gün o gün olsun ki" kitablarnda toplanmışdır. "And", "Qafqaz ordusu", "416", "Qəfurun qəlbi", "Əzizlərdən əzizlərə", "Gün o gün olsun ki" şe`rləri müharibə mövzusundadır. Bu şe`rlərdə şair qələbəyə olan dərin inanımını anlatırdı: Gün o gün olsun ki, qurtarsın dava, Dağılsın buludlar, açlsın hava. Süleyman Rüstəmin müharibədən sonra yazdığı şe`rləri "iki sahil" kitabında(1950-ci) il toplanmışdır. SSRİ(Sovet Sosyalist Respublikalar İttifaqı) Dövlət mükafatına layiq görülmüş bu kitabdakı şe`rlərin çoxu siyasi lirika nümunələridir. Kitabdakı şe`rlərin bir hissəsi isə iki sahil – o taylı-bu taylı Azərbaycan mövzusundadır. Güney Azərbaycan mövzusu Süleyman Rüstəm lirikasında xüsusi bir yer tutur. Müharibə dövründə şair Sovet ordusu tərkibində Güney Azərbaycanda olmuşdur və ordakı soydaşlarımızın istək və həsrətlərini yaxından duymuşdur. Süleyman Rüstəm yarım əsrdən çox Güney həsrəti, Güney mövzusunda bir sıra dəyərli əsərlər yaratmışdır. Həmin əsərlər şairin yaradıcılığında Güney poeziyası adlanır. Şair bu mövzuda yazdığı şerlərinin birində ayrı düşmüş qardaşlarına qovuşmaq həsrətini belə ifadə edir: Hər kəsin bir qəlbi varsa, mənim iki qəlbim var, Hər ikisi bir vüsalın həsrətində çırpınar, Biri doğma Bakıdadır, biri ana Təbrizdə, Biri gülür, o birisə batıb qana Təbrizdə. Süleyman Rüstəmin güney şe`rlərinin çoxu qəzəl, qoşma və beşlik formasındadır. Şair "Yandı" rədifli qəzəlində vətinin ikiyə bölünməsindəm, xalqn faciəsindən ürək ağrısı ilə söz açır: Ürəkdə min yaram vardır, yazıq millət, yazıq millət, Sənə hər ləhzədə öz canını qurban edən yandı, ... Süleyman, qafil olma, yaxşı bax ətrafə, şairsən, Cinayət artdı həddindən, haray sal ki, vətən yandı. Qoşma formasında yazdığı "Dəymə" şe`rində isə Azərbaycan-türk dilinə xor baxan iran şovinistlərinə qəzəb və nifrətini bildirirdi: Mən sənin dilinə dəymirəm, cəllad, Gəl sən də bu ana dilimə dəymə Sənində bağın var, gülün var, çəkil, Bağımda əkdiyim gülümə dəymə! Süleyman Rüstəmin "Əyilmə", "Durnalar", "Zindan", "Yad gül dərə bilməz", "Şair" şe`rləri də güney poeziyasına daxildir. Şairin Şəhriyara yazdığ mənzum məktubları da bu mövzudadır. Süleyman Rüstəm güney mövzusunda bir neçə kiçik poema da yazmışdır: "On ikinci tüfəng", "Gülbahar", "Me`marın faciəsi", "Şairin ölümü". Süleyman Rüstəm güney poeziyasında xalq mənafeyini müdafiə edən vətənpərvər bir şair kimi yadda qalır. Süleyman Rüstəmin yaradıcılığında qəzəl janrı da xüsusi yer tutur. Onun qəzəllərində saf məhəbbət və vətənpərvərlik hissləri vəhdətdə götürülür. Bu baxımdan şairin "Məndə" və "Ayrılmaz" rədifli qəzəlləri xüsusilə diqqətə layiqdir. "Təbrizim" şe`ri: Süleyman Rüstəmin güney poeziyasında "Təbrizim" şe`ri xüsusi yer tutur. Şair onu 1941-ci ildə Təbrizə təzəcə gələndə yazmışdır. Təbrizə müraciət şəklində yazılmış şe`r bu misralarla başlanır: Baxdığca hüsnünə doymayır gözüm Təbrizim, Təbrizim, gözəl təbrizim! "Təbrizim" şe`ri heca vəznində, beşlik şe`r formasında yazılmışdır. Şe`r bəndlər şəklindədir və hər bənd beş misradan oluşur. Bəndlərdəki misralar aaabb şəklində qafiyələnir: Qoymaram yadları girsin qoynuna, İzin ver qolumu salım boynuna! Sənin bayramına, sənin toyuna Dili bir, qanı bir qardaşın gəlib, Dərdinə aşina sirdaşın gəlib. Şe`r sanki iki doğma qardaşın, ata-balanın uzun ayrılıqdan sonra görüşünü əks etdirir. Süleyman Rüstəm Təbrizlə görüşməsini ikiyə bölünmüş Azərbaycanın bir-birinə qovuşması kimi qələmə almışdır. Buna görə də şe`r olduqca tə`sirli və emosional səslənir və oxuduqca zərif, kövrək duyğular doğurur: Bülbül zar-zar ağlar çəməndən ayrı, İnsan deyib gülməz vətəndən ayrı, Can necə yaşasın bədəndən ayri? Aç öz ürəyini danış, təbrizim. Olum dərdlərinə tanış, təbrizim! "Təbrizim" şe`ri şairin öz dilindən yazılmışdır. Şe`rin lirik qəhrəmanı da şairin özüdür. Oxucu Təbrizlə görüşün sevinc və həyəcanını şairin obrazı vasitəsiylə duyur və qavrayır. Şe`rdə Təbrizin şairi necə qarşılaması da səmimi şəkildə təsvir olunur: Sən çıxdın qarşıma duzla, çörəklə, Bağından dərdiyin güllə, çiçəklə, İkiyə bölünmüş saf bir ürəklə, Təbrizim,təbrizim, aman təbrizim Yox olsun başından duman Təbrizim! Şe`rin əsas mövzusu Təbrizin gözəlliyinin tərifi olsa da, geniş mə`nadabu, vətənin tərənnümü kimi qavranılır. Şe`rin hər bəndi vətən mövzusu ilə sıx bağlıdır. Bəndlərdə şəhərin bu günkü mənzərəsi canlandırıldığı kimi, onun qəhrəmanlıqla dolu tarixi keçmişi də yada salınır. Şair Cüney Azərbaycan da xalqın qara taleyindən və mübarizəsindən də səmimi duyğularla söz açır. Bu mövzudan danışarkən şair xalqın taleyilə bağlı həyəcan və narahatlığı bədii sual şəklində ifadə edir: Nədir o, mə`nalı, dərin baxışlar? Nədir gözlərindən yağan yağışlar? Nədir qəlbindəki payızlar, qışlar? Yetimtək boynunu əymə, təbrizim! Mə`lul-mə`lul baxıb durma, təbrizim! Şe`rin son bəndi əvvəldəki misraların məzmunu ilə səsləşir. Şair yenə də doğma Təbrizlə görüşündən doğan sevinc duyğularını ifadə edir: Sənin çiçəyinə, gülünə qurban! Mənə qardaş deyən dilinə qurban! Vətəninə qurban,elinə qurban! Baxdığca hüsnünə doymayır gözüm Təbrizim, Təbrizim, gözəl təbrizim! Süleyman Rüstəmin "Təbrizim" şe`ri şairin güney lirikasının zirvəsi və ümumiyyətlə, butun yaradıcılğnın ən gözəl nümunələrindən biri sayılır. Şair sağlığında çap etdirdiyi güney şe`rləri toplusunu "Təbrizim" adlandırmışdır.(1985-ci il) Qaynaqlar: 1. "Ədəbiyyat", Yazarlar: Möhsün Nağısoylu, Rəhman quliyev, Araz nəşri(Quzey Azərbaycan) 2. "Təbrizim", Yazar: Süleyman Rüstəm
یارپاق لار :


Powerd By : ARZUBLOG.COM Theme Designer : Blogskin.ir