تورك مشاهير و مفاخير لر
AZƏRBAYCAN,QAŞQAE,TÜRKMƏN,XƏLƏC ،ƏFŞAR VƏ...
+0 به يه ن
یاییلیب : چهارشنبه 14 اردیبهشت 1390 | یازار : صاديق صاديقي | بؤلوم : شعر،موسيقي و ادبيات | 0 باخيش لار
Tam Adı Mikayıl Əbdülqadir oğlu İsmayılzadə
Doğum Tarixi 5 iyun, 1908
Doğum Yeri Bakı
Ölüm Tarixi 6 yanvar, 1938
Ölüm Səbəbi repressiya edilib


İsmayılzadə Mikayıl Əbdülqadir oğlu - şair, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.


Həyatı

Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində doğulmuşdur. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və adəbiyyat fakültəsini bitirmişdir (1927-1931).

Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır). Poetik yaradıcılığa 1926-cı ildə «Gənc işçi» qəzetində çap etdirdiyi «Bir gün» şeirilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur.

1938-ci il yanvarın 6-da cəza tədbirləri dövründə güllələnmişdir. Əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, məktəbə, küçəyə və meydana adı verilmişdir.



Yenə o bağ olaydı

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi ?
Söylə ürəyincəmi ?

Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla, ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli söhbət açaydıq, ruhun ehtiyacından,
Qardaşından, bacından.
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
Sən ey əsmər bənizli.

Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha mə’sud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!

Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan, dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə, qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı.
Cumub alaydım səni dalğaların əlindəni,
Yapışaydım belindən.
Xəyalımız üzəydi, sevda dənizlərində,
Ləpələr üzərində,
İlhamımın yelkəni, zərrin saçın olaydı,
Sular xırçın olaydı.


Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,
Gəlin baxın Xəzərə.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyrə dalım bir ara...
Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
İşıqlar jalə kimi.
Çilənib dağılarkən ətrafa damla-damla,
Ən yaxın bir adamla.
Nə gözəldir dinləmək suların nəğməsini,
Təbiətin səsini!
Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,
Bu sərin sahilləri!

Nə gözəldir səhərlər bizim böyük ruhumuz,
Aşıb-daşan duyğumuz.
Şəklindəki sulara, baxaraq ləzzət almaq,
Bu mavi şe’rə dalmaq.
Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,
Bə’zən hürküb çəkinmək.
Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,
Bizim bu həyat kimi!

Yenə o bağ olaydı sevdalar ölkəsində,
O söyüd kölgəsində.
İnci qumlar üstündə yenə verib baş-başa,
Yayı vuraydıq başa.
Günlərimiz keçəydi qızğın fərəhlər kimi,
Dolu qədəhlər kimi.
Yarpaqlar arasından uzadaraq əlini,
Oxşayaraq telini.

Gecələr darayaydı saçlarını ay gözəl!
Sən gözəlsən, ay gözəl?
Əllərində əllərim, gözlərində gözlərim...
Asılaydı sözlərim.
Könlünün qulağından bir qızıl tana kimi,
Günəş doğana kimi.
Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,
Can-ciyər olacaqlar.
Bir az da uzaqlara açacaqlar yelkəni,
Ruh yeni, höyat yeni...
Çıxacaqlar göyləri aşaraq dönə-dönə,
Buludların fövqünə.
Uçacaqlar sabaha, uçacaqlar yarına,
Efir boşluqlarına.
Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,
Bu insan oğlu bilsən.
Azadlıq ölkəsində daha şad olacaqdır,
Dünya dad alacaqdır.

Yenə o bağ olaydı, yenə yığışaraq siz,
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim.
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?
یارپاق لار :


Powerd By : ARZUBLOG.COM Theme Designer : Blogskin.ir